Azərbaycan könüllüləri Gəncə terroru qurbanlarının xatirəsini yad ediblər – FOTO

Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə oktyabrın 11-də ölkənin aparıcı könüllü təşkilatlarını təmsil edən nümayəndə və könüllülərdən ibarət 44 nəfərlik heyətin Gəncə şəhərinə səfəri baş tutub.

Səfər çərçivəsində 4, 8, 11 və 17 oktyabr tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş hərbi cinayətlər nəticəsində Gəncə şəhərində həlak olmuş mülki vətəndaşlarımızın xatirəsi yad edilib. Könüllülər qanlı hücumlardan sonra həyatını itirən vətəndaşlarımızın fotolarını yaxalarından asaraq, terror hadisələrinin baş verdiyi ərazilərə gül dəstələri qoyub, işğalçı ölkə tərəfindən dinc əhaliyə, mülki obyektlərə, yaşayış evlərinə raket hücumlarını, onlarla günahsız insanın qətlə yetirilməsini kəskin şəkildə pisləyiblər. 

Sonra səfər iştirakçıları Gəncə şəhərinin Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini yad ediblər.

Eyni zamanda, Azərbaycan Könüllü Təşkilatları İttifaqı 44 günlük Vətən müharibəsinin ildönümü ilə əlaqədar bəyanat verib. Bəyanatda könüllülər tarixi ədaləti bərpa edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun hər bir zabit və əsgərinə dərin təşəkkürlərini bildirir, ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərimizi dərin hörmət və sonsuz minnətdarlıqla yad edir, qazilərimizə Allahdan şəfa diləyirlər. Azərbaycan könüllüləri 30 ilə yaxın müddətdə öz yurd-yuvalarından didərgin salınmış məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirən bərpa-quruculuq işləri istiqamətində hökumətimiz tərəfindən görülən bütün işləri dəstəklədiklərini və bu prosesin bir parçası olaraq töhfə verməyə daim hazır olduqlarını bəyan edir, regionda tezliklə davamlı sülhün bərqərar olacağına ümid edir, lakin qarşı tərəfin revanşist bəyanatları fonunda zərurət yaranarsa Dəmir Yumruğa çevrilməyə hazır olduqlarını vurğulayırlar.

 

Источник: oxu.az

Оцените статью
Azərbaycan