QURANİ-KƏRİM
Qurani-Kərim Allah-Taalanın bəşəriyyəti doğru yola istiqamətləndirmək üçün Öz əziz peyğəmbərlərinə göndərdiyi möcüzələr içərisində əbədilik sifəti ilə vəsf edilən yeganə möcüzədir və insanlar artıq min dörd yüz ildən artıqdır ki, ondan feyz alır, bəhrələnirlər. Allah-Taala Özünün bu müqəddəs, əbədi və həmişəyaşar səma kitabının təhrifdən və bəşəriyyətin nadanlıq və bədbəxtlik müdaxiləsindən amanda qalmasını istəyib və onu qoruyub. Buna görə də, Qurani-Kərim insanların əlində olan yeganə müqəddəs ilahi kitabdır. Bəşəriyyət səadət və xoşbəxtliyin düz və doğru yolunu getmək istəsə ona sığınmalıdır. Maddiyyat aləminin sakini olan insanın ömründən gün keçdikcə və bəşər zehninin məhsulu olan ideoloji məktəblərin rüsvayçılıq təbilləri çalındıqca insanın öz Rəbbinə tərəf dönməsinin və Qurani-Kərimin mənəvi və həmişə açıq olan süfrəsindən bəhrələnməsinin vaxtının çatması daha çox hiss olunur. Buna görə də dünyada hökm sürən bütün bər-bəzəklərə, zorakılıqlara, ləzzətpərəstliyə və əxlaqi məhdudiyyətsizliklərə baxmayaraq, müasir dünyada dinə və mənəviyyata qayıdış bəşəriyyətin fikirini özünə ciddi şəkildə məşğul emiş ən böyük məsələdir. Bu arada Qurani-Kərim təhrifdən uzaq olduğu üçün misilsiz etibar və dəyərə malik olaraq ən yüksək yerdə durur.