Bu gün Şuşa fatehi Heydər Qənbərzadənin doğum günüdür – FOTO

10 oktyabr 2021-ci il tarixdə Lənkəranın Cil kəndində şəhid Heydər Ağahüseyn oğlu Qənbərzadənin doğum günü qeyd olunub. 
 
Şəhidin doğum günündə doğmaları, yaxınları, kənd sakinləri, şəhid valideynləri iştirak ediblər. 

Mərasim iştirakçıları şəhidin xatirəsini bir dəqiqəlik sükutla yad edib, keçirdiyi qısa və şərəfli döyüş yolundan danışıblar. Sonra torpaq uğrunda canını fəda edən şəhidin kənd qəbristanlığındakı məzarını ziyarət edib, üzərinə əklillər qoyaraq, onun ruhuna dualar oxuyublar.

Qeyd edək ki, Heydər Qənbərzadə 10 oktyabr 1997-ci ildə Lənkəran rayonunun Cil kəndində dünyaya göz açıb. Azərbaycan Ordusunun əsgəri olan Heydər Qənbərzadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Füzuli və Hadrut döyüşlərində vuruşub. Heydər Qənbərzadə 9 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Heydər Qənbərzadə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Heydər Qənbərzadə ölümündən sonra “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.

Источник: oxu.az

Оцените статью
Azərbaycan