Prezidentin müsahibəsi: Bakı-Moskva əlaqələri, Avropa İttifaqı ilə münasibətlər və İran amili – ŞƏRH

Prezident İlham Əliyevin İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində Azərbaycanın cari xarici siyasəti ilə bağlı əsas istiqamətlər bunlardır:

1. Azərbaycan Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyətindən məmnundur.

Son zamanlar Azərbaycan-Rusiya münasibətlərinin xarakterinə yeni fon verilib, Bakı ilə Moskva mövqeləri uzlaşdırır. Ancaq açıq qalan məsələlərin həlli də var ki, burada Rusiya sülhməramlılarının da üzərinə məsuliyyət düşür.

Söhbət əcnəbi vətəndaşların Azərbaycan ərazilərinə qanunsuz səfərləridir. İlham Əliyev bununla bağlı danışarkən deyib:

“Bu məsələ Rusiyanın səlahiyyətli orqanlarının, Müdafiə Nazirliyinin diqqətinə çatdırılıb ki, buna son qoyulsun. Bu və bəzi digər məsələlər öz həllini tapmalıdır. Ancaq hazırda biz onların fəaliyyətindən ümumilikdə razıyıq”.

İlham Əliyev Moskvaya aydın mesaj verir ki, sülhməramlılar öz  nəzarət zonasına daxil olan ərazilərlə bağlı məsuliyyətini dərk etsin.

2. Azərbaycan Qərblə də münasibətlərinin inkişafında maraqlıdır. Azərbaycan Avrasiyanın müasir infrastruktura malik olduğuna, beynəlxalq nəqliyyat dəhlizlərinin keçdiyi coğrafiyada yerləşdiyinə görə, Avropa İttifaqının Bakıya marağı artır. Avropa İttifaqı Zəngəzur dəhlizindən yararlanmaq üçün səylər göstərir, çünki bu dəhliz Avropanın Çinlə ticarətinin şaxələndirilməsində orta dəhliz statusunda çıxış edəcək platformadır.

İlham Əliyev qeyd edib ki, Azərbaycan Avropa İttifaqının Cənubi Qafqazda postmüharibə dövrünün inkişafında da rolunu müzakirə edir.

3. Dövlət başçısı Azərbaycan-İran gərginliyi mövzusuna da toxunub. İranın İsrail amilini bəhanə gətirərək Azərbaycan haqqında rəsmi səviyyədə təbliğat aparması yenilik deyil.

Bakı dəfələrlə xoşməramlı məqsədlə əlini Tehrana uzadıb, molla rejimi isə müxtəlif bəhanələr və çıxışlarının önünə siyasi-dini məzmunlu yarlıqlar yapışdıraraq Azərbaycanın sülhsevər təşəbbüslərinə qarşı çıxıb. Səbəb isə sadədir:

– Ermənistanı Azərbaycana qarşı cəbhədə etibarlı tərəfdaş kimi nəzərdən keçirilir,

– İsrail bəhanəsi ilə Azərbaycanın Vətən müharibəsində qələbəsini qısqanmaq.

Bir sözlə, İran Ermənistandan çox Ermənistanın maraqlarını müdafiə edir. İsrail isə həmişə Bakı-Tehran münasibətlərində sonuncunun əsassız ittihamına gətirib çıxarır.

İlham Əliyev qeyd edib:  “Əgər kimsə süni bəhanədən istifadə etməyə çalışaraq Azərbaycanı digər ölkə ilə münasibətlərinin olmasında günahlandırıbsa, bu cəhdlər boş çıxıb. Bu, düzgün yol deyil və gətirib dalana çıxaracaq”.

İlham Əliyev onu da bildirib ki, Azərbaycan dövləti İsrailin azad olunmuş torpaqlara gətirilməsi ilə bağlı Azərbaycana yönələn bütün ittihamları rədd edir.

Prezidentin müsahibəsi, həm Rusiyaya, həm Qərbə, həm də İrana mesajların verilməsidir.

Aqşin Kərimov

Источник: oxu.az

Оцените статью
Azərbaycan